Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsi keçirilib
-
Author:
inkishaf.az
- Published: 11 November 2026
- Views: 7 views
- Comments: 0 comments
Xankəndidə “Zəfər nəsli” gənclər düşərgəsi keçirilib
inkishaf.az xəbər verir ki, noyabrın 9–11-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Zəfər nəsli” gənclər düşərgəsi keçirilib.
Düşərgənin əsas məqsədi Azərbaycanın tarixi Zəfərinin əhəmiyyətini gənc nəslə aşılamaq, milli-mənəvi dəyərləri və vətənpərvərlik ruhunu gücləndirmək, eləcə də Qarabağın tarixi, mədəni irsi və inkişafını gənclərə tanıtmaq olub.
Açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova və Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov çıxış ediblər.
Düşərgə çərçivəsində Qarabağ qaziləri ilə görüş, Milli Məclisin deputatı Hikmət Babaoğlunun iştirakı ilə “Zəfərə aparan yol: Tarix, strategiya və milli iradə” mövzusunda müzakirə təşkil olunub.
Proqramın ikinci günündə iştirakçılar praktiki hərbi-idman məşğələlərinə qatılıb, Xalq artisti Nurəddin Mehdixanlı, jurnalist Jalə Həsənli və Vətən müharibəsi iştirakçısı, UFC döyüşçüsü Tofiq Musayevlə görüşlərdə iştirak ediblər. Görüşlərdə milli yaddaş, informasiya mübarizəsi, vətənpərvərlik və idman mövzuları müzakirə olunub.
Bununla yanaşı, gənclər “Zəfərdən öyrəndiklərimiz və təşəbbüslərimiz” mövzusunda təqdimatlarla çıxış edib, “Fibonacci” intellektual oyununda iştirak ediblər. Qaliblər kubok və müxtəlif hədiyyələrlə mükafatlandırılıb, bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Düşərgənin sonuncu günündə iştirakçılar Xankəndi şəhərində Zəfər Tağını ziyarət edib, daha sonra Şuşa şəhərinə ekskursiya edərək tarixi Şuşa qalası ilə tanış olublar.
Qeyd edək ki, üç gün davam edən düşərgə gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi, milli dəyərlərə bağlılığının artırılması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Similar posts
Copying this content is restricted
0 comments
No comments yet. Be the first to share your thoughts.
Log in to join the conversation.
Everyone can read the comments. To write one you need a free account.