Öyrənməyi Öyrənmək: Müasir Dünyanın Ən Böyük Bacarığı
İnformasiya bolluğu dövründə ən böyük sərmayə əzbərçilik deyil, yeni bilikləri sürətlə və dərindən mənimsəmək — yəni "öyrənməyi öyrənmək" bacarığıdır. Məqalədə Feynman texnikası, beynin çalışma rejimləri və səhvlərdən dərs almaq kimi üsullarla effektiv öyrənməyin yolları təqdim olunur.
-
Автор:
Zeynəb Mehrəlizadə
- Опубликовано: 2 ноября 2026
- Просмотры: 12 просмотров
- Комментарии: 0 комментариев
Hər gün üzərimizə milyonlarla informasiya axını gəlir. Sosial şəbəkələr, xəbərlər, onlayn kurslar, kitablar... Beynimiz hər saniyə yeni məlumatları qəbul etməyə çalışır. Lakin qəribə bir reallıq var: ətrafımızda məlumat bolluğu olmasına baxmayaraq, çox vaxt "necəöyrənməlli olduğumuzu" bilmədiyimiz üçün çətinlik çəkirik.
İllərdir bizə məktəbdə və ya universitetdə nəyi öyrənməli olduğumuz dərsliklərlə diktə edildi, amma həmin bilikləri beynimizə necə ən effektiv şəkildə həkk etməyin yolları çox vaxt kölgədə qaldı. Müasir dövrdə isə ən güclü insan – ən çox fakt əzbərləyən deyil, qarşısına çıxan yeni bir sahəni və ya bacarığı ən qısa zamanda, dərindən və keyfiyyətlə mənimsəyə bilən insandır. Başqa sözlə, ən vacib sərmayə "öyrənməyi öyrənmək" bacarığıdır.
1. Əzbərçilikdən Məntiqi Anlayışa Keçid
Təhsil sistemində ən çox yol verilən səhvlərdən biri məlumatı dərindən qavramaq əvəzinə, sadəcə yaddaşda saxlamağa çalışmaqdır. İmtahandan və ya təqdimatdan dərhal sonra həmin məlumatların beyindən "silinməsi" də məhz bununla bağlıdır.
Əgər bir bilik ömürlük xatirəmizdə və ya təcrübəmizdə qalmasını istəyiriksə, o zaman onun kökünü – "Niyə?" və "Necə?" suallarının cavabını axtarmalıyıq. Məlumatlar arasında məntiqi bağlar qurulduqda, beyin onu sadə bir yük kimi deyil, dəyərli bir alət kimi qəbul edir və uzunmüddətli yaddaşa ötürür.
2. Feynman Texnikası: Sadələşdirmənin Gücü
Nobel mükafatı laureatı fizik Riçard Feynman öyrənmə prosesini tamamilə dəyişdirən sadə, lakin dahi bir metod irəli sürüb: “Əgər bir mövzunu uşaq dilində izah edə bilmirsənsə, deməli, onu hələ tam anlamamısan.”
Çox vaxt mürəkkəb terminlərin arxasında gizlənməyə çalışırıq. Lakin həqiqi öyrənmə o zaman baş verir ki, biz öyrəndiyimiz çətin mövzunu ən sadə cümlələrlə, hər kəsin başa düşəcəyi şəkildə ifadə edə bilirik. Hər hansı bir məqamda izah edə bilmədiyiniz yer qalırsa, deməli, məhz həmin nöqtədə bilik boşluğunuz var və diqqətinizi ora yönəltməlisiniz.
3. Fasiləsiz Oxumağın Yanlış Təsəvvürü: Beynin İşləmə Rejimləri
Saatlarla masanın arxasından qalxmadan, fasiləsiz dərs oxumaq məhsuldarlığı artırmır, əksinə beyni yorur. Elmi araşdırmalar göstərir ki, insan beyini iki əsas rejimdə çalışır:
Fokuslanmış (Diqqətli) rejim: Məlumatı aktiv şəkildə öyrənməyə çalışdığımız anlar.
Dağınıq (Yaradıcı) rejim: İstirahət etdiyimiz, gəzintiyə çıxdığımız və ya başqa şeylə məşğul olduğumuz anlar.
Beyin aldığı məlumatı həzm etmək və onu uzunmüddətli yaddaşa yerləşdirmək üçün məhz ikinci rejimə – yəni fasilələrə ehtiyac duyur. Pomodoro kimi taym-menecment üsullarından istifadə etmək (məsələn, 25 dəqiqə işləyib 5 dəqiqə dincəlmək) öyrənmə prosesini qat-qat səmərəli edir.
4. Səhvləri İnkişaf Yanacağı Kimi Görmək
Cəmiyyətdə səhv etmək çox zaman uğursuzluq kimi qəbul edilir və bu yanaşma insanlarda yanlış addım atmaq qorxusu yaradır. Lakin öyrənmə prosesi elə səhvlərin üzərində qurulub. Hər bir yanlış cavab və ya uğursuz cəhd beynimizə belə bir siqnal göndərir: "Bu yol işləmədi, deməli başqa yolu yoxlamalıyıq." Səhvləri qorxu mənbəyi deyil, təcrübə pilləsi kimi qəbul etmək insana həm təhsildə, həm də həyatda sonsuz bir azadlıq qazandırır.
Son dövrlərdə dünya sürətlə dəyişir, texnologiyalar yenilənir, peşələr isə sürətlə transformasiya olunur. Bu gün məktəbdə və ya universitetdə öyrəndiyimiz bəzi texniki detallar bir neçə ildən sonra əhəmiyyətini itirə bilər. Lakin öyrənməyi öyrənmək bacarığı heç vaxt köhnəlməyən yeganə sərmayədir.
Öz öyrənmə tərzinizi kəşf edin, hər gün yeni bir şey öyrənməkdən zövq alın və unutmayın: təhsil yalnız diplom əldə etmək deyil,həm də həyatı və özünüzü daha dərindən tanımağın ən gözəl yollarından biridir.
Похожие публикации
Копирование этого материала ограничено
0 комментариев
Комментариев пока нет. Станьте первым, кто поделится мнением.
Войдите, чтобы присоединиться к обсуждению.
Комментарии может читать любой. Чтобы написать, нужен бесплатный аккаунт.